Faiz dərəcələrinin səviyyəsi bizi hələ qane etmir – Baş bankir

12:38 - 14.01.2020


14 yanvar, Fineko/abc.az.  Belə bir şəraitdə, yəni neftin qiymətinin keçən il həm “Azəri Layt”, həm “Brent” üzrə bir qədər aşağı düşməsinə baxmayaraq, 6 milyardlıq xarici ticarət profisiti və bütövlükdə xarici valyuta mənbələrinin bazara şaxələnməsi şəraitində, həm turizmdən, həm qeyri-neft sektorundan və digər sahələrdən təklifin olduğu bir şəraitdə manatın məzənnəsi sabit qalıb.

ABC.AZ xəbər verir ki, bunu yanvarın 13-də prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Baş bankir qeyd edib ki, bütövlükdə təxminən bazardan Maliyyə Nazirliyi, xəzinədarlıq və Mərkəzi Bank 700 milyon dollardan yuxarı vəsaiti sterilizasiya etmək məcburiyyətində qaldı ki, manatın möhkəmlənməsinə təsir göstərməsin: “Keçən il pul siyasətinin yumşaldılması ilə də xarakterizə olub. Bu, hər iki istiqamətdə baş verib. 2018-ci və 2019-cu illərdə, yəni biz o yüksək inflyasiya illərində faiz dərəcəsini 15 faizə qaldırmışdıq, təxminən 2 dəfə aşağı salınıb və bu gün uçot dərəcəsi 7,5 faizdir. Ötən il biz 8 dəfə uçot dərəcəsini müzakirə edib, onun 7-də faiz dərəcələrini aşağı salmışıq. Bütövlükdə biz bu siyasətin ümumi faizlərə də təsirini görürük. Son iki ildə xüsusi olaraq biznes kreditləri üzrə faiz dərəcəsinin 5 faiz aşağı düşdüyünü görürük. Təxminən 16 faizdən 11 faizə düşüb. Digər istiqamətlərdə də faiz dərəcələrinin tədricən aşağı düşdüyünü görürük. Təbii ki, bunun səviyyəsi bizi hələ qane etmir və bu istiqamətdə işlər davam etdiriləcək”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər