Prezident Gömrük Komitəsi barədə narazılığını bildirdi - Kobudluq, hörmətsizlik göstərilir

14:45 - 14.01.2020


14 yanvar, Fineko/abc.az. Çalışın ki, bizim bütün keçidlərimiz ən yüksək səviyyədə təmir edilsin.

Çünki biz vaxtilə bütün keçid məntəqələrini yenidən qurmuşuq, amma artıq vaxt keçib, on ildən çox vaxt keçib.

Ona görə orada yeni avadanlığın quraşdırılması, vətəndaşlar, maşınlar üçün daha rahat keçidin təmin edilməsi məsələlərinə də mütləq baxmaq lazımdır.

ABC.AZ xəbər verir ki, bunu yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin çıxışı zamanı İlham Əliyev bildirib. Prezident Gömrük Komitəsi ilə bağlı daha sonra bunları deyib: "Sərhəd Xidməti ilə birlikdə bu sahədə də maarifləndirmə işləri aparılmalıdır, həm vətəndaşlar arasında, həm də sizin işçiləriniz arasında. Çünki hələ də bəzi hallarda şikayətlər daxil olur, bəzi vətəndaşlar şikayət edirlər, həm yerli vətəndaşlar, həm xarici vətəndaşlar ki, kobudluq, hörmətsizlik göstərilir. Bu hallara yol vermək olmaz. Hər bir gömrük-keçid məntəqəsi, hər bir hava limanı ölkəmizin giriş qapısıdır və hər gələn qonaq ilkin təəssüratı oradan əldə edir".

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər