Bir ildə 174 milyon manat məbləğində ipoteka krediti verilib – Fonddan açıqlama

12:34 - 16.01.2020


16 Yanvar, Fineko/abc.az. İpoteka kreditlərinin verilməsi prosesinin əhəmiyyətli dərəcədə sadələşdirilməsi və tam avtomatlaşdırılması bu kreditlərə əhali arasında yüksək tələbin formalaşmasına zəmin yaradıb.

ABC.AZ xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun yaydığı açıqlamada bildirilib. Belə ki, il ərzində müvəkkil banklara ümumi məbləği 503 milyon manat təşkil edən 7096 sayda müraciət daxil olub, 174 milyon manat məbləğində isə 2 652 ipoteka krediti verilib. Ötən il ərzində verilmiş kreditlərin 1 390 ədədi (80 milyon manat) güzəştli ipoteka kreditlərinin payına düşüb.

Qeyd edək ki, adi ipoteka kreditləri Fond tərəfindən daxili maliyyə bazarlarından cəlb edilmiş, güzəştli ipoteka kreditləri isə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir. 2019-cu il ərzində 226,5 milyon manat məbləğində (3 398 ədəd) ipoteka krediti Fond tərəfindən yenidən maliyyələşdirilib.

Ümumilikdə, 2006-2019-cu illərdə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1,391 milyard manata yaxın, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 27 883 olub. Bu kreditlərin 436 milyon manatdan çox hissəsini (8 839 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib. İpoteka kreditlərindən faydalananların 70%-ə yaxınını gənclər və gənc ailələr təşkil edib, kreditlərin 20%-ə yaxını isə regionlarda verilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər