“Bizim Market”-ə satış qadağan olundu – AQTA tərəfindən

16:55 - 16.01.2020


16 Yanvar, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 1C ünvanında yerləşən “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət şəbəkələrində yoxlama keçiriblər.

AQTA-dan ABC.AZ-a daxil olan məlumata görə, yoxlama zamanı marketlərdə “Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağı satılır.

Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib. Belə ki, ştrix kod “Foodini” MMC tərəfindən ölkəyə idxal olunan “Belaya Korova” əmtəə nişanlı kərə yağına aid olub. “Belorusskaya Korova” əmtəə nişanlı kərə yağı adı altında satılan yağın markalanmasında istehsalçısının “Luninec” ASC olması qeyd edilib. Belarusun “Luninec” ASC süd zavodu tərəfindən ünvanlanmış məktubda isə həmin şirkətin “Belorusskaya Korova” əmtəə nişanlı yağ istehsal etmədiyi göstərilib.

Məlum olub ki, “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Belarusskaya Korova” əmtəə nişanlı mənşəyi məlum olmayan kərə yağının sertifikatı kimi “SN Qida Təchizat” MMC tərəfindən təqdim olunan Qida Təhlükəsizliyi sertifikatı (“İdxalçı müəssisənin adı və ünvanı”, “göndərən müəssisənin adı və ünvanı”, “mənşə ölkəsi”, “yüklənmə yeri”, “istehsalçının adı və ünvanı bölmələri”) saxtalaşdırılıb. Qanunvericiliyin tələbləri çərçivəsində aşkarlanan faktlar üzrə materiallar hüquqi qiymətin verilməsi məqsədilə prokurorluq orqanlarına göndərilib. “Bizim market” şəbəkələrinin 14 filialından ümumilikdə 12 ton 575 kiloqram məhsulun satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul edilib və göstərilən məhsul partiyası dövriyyədən çıxarılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər