330x110
 

Abşeron yarımadası heyvan xəstəliklərindən azad zona elan olunacaq – Artıq tədbirlərə başlanılıb

17.01.2020,12:57


17 Yanvar, Fineko/abc.az. Abşeron yarımadasının heyvan xəstəliklərindən azad zona elan edilməsi istiqamətində tədbirlər görülür.

ABC.AZ xəbər verir ki, bunu yanvarın 17-də ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

AQTA sədri qeyd edib ki, sözügedən məsələ Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) tələbləri nəzərə alınmaqla və ölkədə heyvan xəstəliklərinin azaldılması və heyvan mənşəli məhsulların ixracının asanlaşdırılması məqsədilə həyata keçiriləcək: “Bununla əlaqədar Abşeron, Sumqayıt və Bakıda 1371 heyvandarlıq təsərrüfatının reyestri tərtib edilib. Ötən il Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) yaradılması istiqamətində ciddi addımlar atılıb. Belə ki, bununla bağlı İşçi qrupu yaradılıb, Dünya Bankı ilə birlikdə sistemin proqram təminatının texniki tapşırığı hazırlanıb və satınalma prosesinə başlanılıb. Növbəti mərhələdə pilot layihə kimi Abşeron yarımadasında heyvanların identifikasiyasına başlanılacaq. Heyvanların vaksinasiyası və identifikasiyasının aparılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ictimai işlər vasitəsilə əlavə baytar operatorların işə cəlb edilməsi planlaşdırılır".

Müəllif: Elmir Murad