Şahin Mustafayev: Rusiya əsas qeyri-neft ixracatçısıdır

25.12.2017,15:04


25 dekabr, Fineko/abc.az.  Bu gün Bakıda Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan biznes şuralarının genişləndirilmiş iclası keçirilir.

İclas zamanı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan ilə Rusiya arasındakı mövcud iqtisadi münasibətlər hal-hazırda real potensialı əks etdirmir.

“Hər iki tərəfin maraqlarını nəzərə alaraq, bu əlaqələrin inkişafı üçün böyük imkanlar var. Ölkələr arasındakı münasibətlər bütün istiqamətlərdə inkişaf edir. İqtisadi əlaqələrə gəlincə, ticarət dövriyyəsi daim artmaqdadır və qeyd etmək lazımdır ki, Rusiya Azərbaycanın strateji iqtisadi tərəfdaşlarından biridir.  2017-ci ilin yekunlarına görə, Rusiya xarici iqtisadi tərəfdaşlar sırasında üçüncü, idxal üzrə birinci, qeyri-neft ixracında da həmçinin birinci yeri tutur. Biz həmçinin iqtisadi əlaqələrin inkişafı üçün yeni mexanizmlər və alətlərdən  istifadə etməyi məqsədəuyğun hesab edirik”, - Ş.Mustafayev belə deyib.

Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Rusiya şirkətlərinin Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların 1,5 milyard dollar həcminə çatdığını və Azərbaycan şirkətlərinin Rusiya iqtisadiyyatına da sərmayə qoyduğunu söylədi.

“İki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün böyük potensial var”, -  deyə Oreşkin bildirib.