Bu bankın əməliyyat mənfəəti kəskin artıb – 25 milyon manatdan çox

10:25 - 21.01.2020


21 Yanvar, Fineko/abc.az. “Azərbaycan Beynəlxalq Bankı” 2019-cu il üçün maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə bankın faiz və qeyri-faiz gəlirlərinin cəmi 54 milyon 192 min manat artması ilə paralel faiz və qeyri-faiz xərcləri 28 milyon 218 min manat artıb.

Gəlirlərin artması xərclərin artmasını üstələdiyindən “Azərbaycan Beynəlxalq Bankı”nın əməliyyat mənfəəti illik müqayisədə 25 milyon 974 min manat artaraq ötən il 321 milyon 521 min manat təşkil edib.

Qeyd edək ki, 2018-ci ildə Bankın xalis əməliyyat mənfəəti 295 milyon 547 min manat təşkil etmişdi.

2018-ci ildə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 130 milyon 294 min manat azad olması hesabına Beynəlxalq Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 425 milyon 840 min manat təşkil etmişdi. Həmin il Bank mənfəət vergisi ödəməmişdi.

2019-cu ildə isə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azadolma 2,4 dəfə və ya 77 milyon 27 min manat azalaraq 53 milyon 267 min manata təşkil edib. Azadolmadan sonra ötən il Beynəlxalq Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 374 milyon 788 min manat təşkil edib. Həmçinin Bank 72 milyon 472 min manat mənfəət vergisi ödəyib.

Bankın biznes fəaliyyətinin nəticəsini daha doğru göstərən əməliyyat mənfəətinin 8,8% artmasına baxmayaraq xalis mənfəətin 29% düşməsi ehtiyatlardan azadolmanın azalması və mənfəət vergisinin ödənilməsi ilə bağlıdır.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər