Kirayə mənzil mexanizminə müraciətlərə başlanacaq tarix açıqlandı – Bir gün qalıb

10:38 - 21.01.2020


21 Yanvar, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzil mexanizminə müraciətlərin qəbul tarixi açıqlayıb.

ABC.AZ Fonda istinadən xəbər verir ki, mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və daxili qaydalar hazırlanıb, kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb və kirayə mənzil fondu formalaşdırılıb.

Mexanizmə əsasən elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq. Müraciətlər “Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun “Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək. Elektron İmzanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzindən və ya Mərkəzi Poçtdan, ASAN İmzanı isə “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar. Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara 2 saylı Bakı “ASAN Kommunal” və Sumqayıt “ASAN Xidmət” mərkəzləri vasitəsilə xidmət göstəriləcək.

Qeyd edək ki, kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş yazılı və ya video-təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər