330x110
 

Sığorta şirkətləri üçün bəd, sürücülərə isə şad xəbər – Avtomobillər daha ucuz sığortalanacaq

21.01.2020,11:17


21 Yanvar, Fineko/abc.az. Azərbaycanda avtomobillərin icbari sığortasında tətbiq edilən Bonus-Malus sistemində endirimlər 40%-ə çatıb.

ABC.AZ xəbər verir ki, ekspertlər bunu avtomobil sahibləri üçün yaxşı hadisə olaraq dəyərləndirsə də, sığorta şirkətləri üçün heç də müsbət qiymətləndirmirlər.

Belə ki, Bonus-Malus sisteminin 40%-ə çatdırılması o deməkdir ki, indiyədək qəza törətməyən sürücülər bundan sonra icbari sığorta haqqının yalnız 60%-ni ödəyəcəklər.

Məhz buna görə, bu sığorta şirkətəri üçün əlavə yeni problem yaradan amildir. Mütəxəssislərin fikrincə, onsuz da icbari sığortadakı zərərliliyin yüksək olduğundan əziyyət çəkən sığorta şirkətləri indi daha az sığorta haqqı toplaya biləcəklər.

Qeyd edək ki, Bonus-Malus sistemi Azərbaycanda 2011-ci ildə “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq yaradılıb. Sözügedən sistemə görə, icbari sığortalanan sürücü sığorta dövrü ərzində qəza törətməsə, gələn il onun ödədiyi sığorta haqqı 5% azalır. Yəni qəzasız keçən hər il üçün sığorta haqqı 5% azalır və buna Bonus deyilir. Qəza törədənlər isə növbəti il daha artıq sığorta haqqı ödəyirlər ki, bu dai Malus adlanır. Bu sistemin məqsədi Azərbaycanda intizamlı sürücüləri mükafatlandırmaq, intizamsızları isə cəzalandırmaq, həm də sığorta şirkətlərini intizamsız sürücülərin zərərindən qorumaqdır.

Müəllif: Elmir Murad