Bu sığorta növü şirkətlər üçün arzuolunmaz bir sığorta növünə çevrilməkdədir – Xəyal Məmmədxanlı

12:14 - 21.01.2020


21 Yanvar, Fineko/abc.az. Bildiyiniz kimi avtomobillərin icbari sığortasında tətbiq edilən Bonus-Malus sistemində yenə endirimlər edilib və 40%-ə çatdırılıb.

Ekspertlər bunu sürücülər üçün yaxşı hal hesab etsə də, sığorta şirkətləri üçün belə deməyə tələsmirlər. Belə ki, yeniliyə əsasən, ötən ili qəzasız başa vuran hər bir sürücü bundan sonra icbari sığorta haqqının yalnız 60%-ni ödəyəcəklər.

Təbii ki, bu sürücülər üçün göydən düşmədir. Amma onsuzda ildən-ilə yığımları azalan şirkətlərin sözügedən endirimlərdən sonra sığorta haqqı yığımlarının daha da azalacağı gözlənilir. Bu isə təbii ki, nəticədə bir sıra problemlər yaradır.

Endirimləri ABC.AZ-a şərh edən sığorta eksperti Xəyal Məmmədxanlı da sözügedən məsələ ilə bağlı narahatçılığını gizlətmir. Ekspert hesab edir ki, sözügedən məsələ qeyd olunduğu kimi sığorta haqlarının yığımına təsir etməklə yanaşı, həm də vətəndaşlara ödənişin olunmasında problem yarada bilər. X.Məmmədxanlı deyir ki, ölkəyə gələn avtomabillərin sayı artdığından onların sığorta haqları hesabına biz o fərqi hiss etmirik, hətta cüzi də olsa artım hiss edirik. Amma ümumiyətlə götürəndə hər avtomobil başına düşən sığorta haqları hər keçən il azalmaqdadır və ona görədə sözügedən Bonus sistemi sığorta şirkətləri üçün böyük bir yükdür: “Təbii ki burada sığorta haqlarının qaldırılması müzakirə predmeti olmadığına görə sığorta şirkətlərinin bu məsələdən çıxmaq üçün yalnız bir yolu qalır. Sığorta ödənişi verməmək və yaxud da ödənişi azaltmaq. Amma bilirsiniz ki, bu qəbul olunmayan yoldur və əksinə bununla bağlı vətəndaşlara əziyyət vermək  olmaz. Bu vətəndaşın problemi deyil ki, sığorta azdı və ya yox. Vətəndaşın ödənişi qəpiyinə qədər verilməlidir. Amma çox təssüflər olsun ki, sığorta şirkətlərinin bəziləri zərərə düşməmək üçün ödənişləri kəsməyə başlayır. Bu yolverilməz haldır. Nə olursa-olsun, zərər belə olsa ödəniş verilməlidir. Əgər sənin üçün zərərlidirsə bu işlə məşğul olma. Necə edək ki, şirkətlər ziyana düşməsin məsələsinə gəlincə burada bir yol var. Sığorta şirkətləri öz xərclərini opmtimallaşdırmalıdır, yəni agentlər verdiyi komissiyaları azaltmalı və yaxud da müəyyən katiqorya ümumiyətlə komissiya verməməlidir. Yaxud da hadisənin  tənzimlənməsində bu sığorta növü üzrə xərcləri azaltmalıdırlar ki, son nəticədə heç olmasa cüzi bir gəlir əldə etsinlər. Başqa bir variant isə az ziyanla bitirmələridir. Amma fakt odur ki, bu sığorta növü şirkətlər üçün arzu olunmaz bir sığorta növünə çevrilməkdədir”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər