330x110
 

Neft sektorunda işləyənlərin maaşı açıqlandı – Maraqlı rəqəmlər var

22.01.2020,10:47


22 Yanvar, Fineko/abc.az. 2019-cu ildə əhalinin gəlirləri 7,4 faiz, qiymətlər isə 2,6% artıb.

Əhalinin gəlirlərinin xalis artımı 4,8% təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə əhalinin gəlirləri nominal ifadədə 7,4 faiz artaraq 57 milyard manat təşkil edib.

Əhalinin hər nəfərinə orta hesabla 5758,6 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 52 milyard 500 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 7,1 faiz çox vəsait qalıb.

2019-cu ildə istehlak qiymətləri indeksi 2018-ci illə müqayisədə 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,8 faiz, qeyri-ərzaq malları üzrə 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 2 faiz artıb.

2019-cu ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 15,4 faiz artaraq 623,1 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3059,7 manat, qeyri neft-qaz sektorunda 568,0 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 516,5 manat, özəl müəssisələrdə isə 759,7 manat olub.

Müəllif: Elmir Murad