Monetar şəraitin yumşaldılması faiz dərəcələrinə azaldıcı təsir göstərməkdədir – Mərkəzi Bank

11:53 - 22.01.2020


22 Yanvar, Fineko/abc.az. Bir müddət əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmovla sahibkarların görüşündə iş adamları banklardan götürülən kreditlərin faizlərinin çox olmasından narazılıq etmişdilər.

Sözügedən görüşdən artıq bir həftədən çox vaxt keçib.

Sahibkarların dilə gətirdiyi məsələ istiqamətində hansı işlərin görülməsi ilə maraqlanmaq üçün Mərkəzi Banka müraciət etdik.

Ölkənin əsas Bankından ABC.AZ-ın sorğusuna cavabda bidlirdilər ki, Azərbaycanda nağdsız ödənişlərin genişlənməsi ilə kreditləşmənin resurs mənbələrinin artırılması, maliyyə bazarlarının bütün seqmentlərinin davamlı inkişafı, banklarda əməliyyat xərclərinin optimallaşması faiz dərəcələrinin dinamikasını müəyyənləşdirən əsas amillərdir.

Bankdan vurğulayıblar ki,bununla belə son illər Mərkəzi Bank tərəfindən monetar şəraitin yumşaldılması da faiz dərəcələrinə azaldıcı təsir göstərməkdədir:  “2018-ci ildən uçot dərəcəsi azaldılaraq mərhələlərlə 15%-dən 7.5%-ə endirilib.

Bu dövrdə pul kütləsinin artımının davam etməsi də monetar şəraiti əhəmiyyətli yumşaldıb. Monetar şəraitin yumşalması manatla cəlb edilmiş yeni əmanətlər və manatla yeni kreditlər üzrə orta faizlərin azalması ilə müşaiyət olunmaqdadır. Qiymətli kağızlar üzrə faizlər də Mərkəzi Bankın faiz dəhlizinə paralel şəkildə azalır. İnflyasiya hədəfinə nail olma dərəcəsindən asılı olaraq bundan sonra da monetar siyasətin yumşaldılması faiz dərəcələrinə azaldıcı təsir göstərə bilər”.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər