Doqquz milyon manat vəsait sərf olunan sistem nə vaxt düzələcək?

11:28 - 27.01.2020


27 yanvar, Fineko/abc.az. Bildiyiniz kimi artıq bir neçə gündür ki, satmaq öhdəliyi ilə kirayəyə verilən mənzillərə müraciət etmək üçün yaradılmış olan sistem çöküb.

ABC.AZ xəbər verir ki, sözügedən hadisədən 5 gün keçməsinə baxmayaraq hələ də sistem bərpa olunmayıb.

Belə ki, sistem çökən zaman İpoteka və Kredit Zəmanət Fondu açıqlama yayaraq sözügedən sistemin hazırda çox yükləndiyini və bu səbəbdən problem yarandığını bildirmişdi. Amma sistemdə problemin yaranmasından az vaxt keçməsinə baxmayaraq, müraciətlər hələ də təmin olunmayıb. Əhali isə bunu sistemin düzgün qurulmaması ilə əlaqələndirir və bunun da sosial ev layihəsi kimi özünü doğrultmayacağını iddia edirlər.

Qeyd edək ki, yanvarın 22-də sistemdə problem yarandığı zaman ekspert Osman Gündüz maraqlı və çox iddialı açıqlama vermişdi. O qeyd etmişdi ki, satmaq öhdəliyi ilə kirayəyə verilən mənzillərə müraciət etmək üçün yaradılmış olan sistemin qurulmasına nə az, nə çox 9 milyon manat vəsait xərclənib. Maraqlıdır bu qədər vəsait xərclənən sistem “siftə” eləməmiş çökürsə deməli elə əvvəldən onun qurulmasında nələrsə düz getməyib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər