Ötən il Azərbaycana nə qədər turist gəlib? – Dövlət Komitəsindən maraqlı statistika

14:35 - 27.01.2020


27 yanvar, Fineko/abc.az. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3170,4 min və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 29,4 faizi Rusiya Federasiyası, 22,9 faizi Gürcüstan, 10,0 faizi Türkiyə, 8,1 faizi İran, 3,4 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Hindistan, 1,9 faizi Ukrayna vətəndaşları olmuşdur.

Gələnlərin 66,6 faizini kişilər, 33,4 faizini isə qadınlar təşkil edib. Ölkəmizə 2019-cu ildə gələnlərin sayında daha çox artım Türkmənistan (84,2 faiz), Hindistan (66,8 faiz), Çin (62,4 faiz), Misir (55,6 faiz), Malayziya (54,9 faiz), Səudiyyə Ərəbistanı (46,3 faiz), Macarıstan (33,6 faiz), Polşa (31,1 faiz) vətəndaşları arasında qeydə alınıb.

Bununla yanaşı Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı da 21,3 faiz artaraq 136,5 min nəfər olub, MDB ölkələrindən gələnlərin sayı 9,3 faiz artaraq 1141,5 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı isə əvvəlki illə müqayisədə 0,9 faiz azalaraq 549,0 min nəfər olub.

 

Bütün xəbərlər