Yaxın günlərdə Mərkəzi Bank faiz dəhlizinin parametrlərinə dair qərarlar verməlidir – Bütün diqqətlər Elman Rüstəmovda

10:29 - 28.01.2020


28 yanvar, Fineko/abc.az. Yaxın günlərdə, daha da konkretləşdirsək yanvarın 31-də Azərbaycan Mərkəzi Bankının 2020-ci ildə pul siyasətinə həsr olunan ilk iclası keçiriləcək.

ABC.AZ xəbər verir ki, iclasda faiz dəhlizinin parametrlərinə dair qərarların verilməsi gözlənilir. Faiz qərarı həmin gün ictimaiyyətə açıqlanacaq.

Faiz dərəcələri ilə bağlı 2019-cu ildə Mərkəzi Bankının İdarə Heyətinin 8 dəfə iclası keçirilib və iclaslarda faizlərin endirilməsinə dair qərar veilib.

Qeyd edək ki, 2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin fevral ayında uçot dərəcəsi 13%-ə, aprel ayında 11%-ə, iyul ayında 10%-ə, oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin fevral ayında 9,25%-ə, mart ayında 9%-ə, aprel ayında 8,75%-ə, iyun ayında isə 8,5%-ə, iyul ayında 8,25%-ə, sentyabr ayında isə 8%-ə, oktyabr ayında 7,75%-ə, dekabr ayında isə 7,50%-ə salınıb.

Ekspertlər hesab edir ki, yanvarın 31-də də faiz endiriləcəyi ehtimalı yüksəkdir. Əgər bu dəfə də 0,25 baza bəndi azaltma olarsa uçot dərəcəsi 7.25%-ə düşəcək. Mərkəzi Bank daha yüksək nisbətdə - 0,50 baza bəndi də faiz endiriminə gedə bilər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər