Azərbaycanın ixracı artıb – 16 faizə yaxın

10:02 - 30.01.2020


30 yanvar, Fineko/abc.az. 2019-cu ilin yanvar-dekabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 954 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ “İxrac İcmalı”nın yanvar sayına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə qeyri-neft sektoru üzrə ixrac 265 milyon ABŞ dolları və ya 15,7 faiz  artıb. Ötən il ərzində Rusiyaya 690,6 milyon, Türkiyəyə 401,8 milyon, İsveçrəyə 179 milyon, Gürcüstana 159,1  milyon və Ukraynaya 50,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə Rusiyaya qeyri-neft ixracı 11,5 faiz, Türkiyəyə 16,5 faiz,  İsveçrəyə 32,2 faiz, Gürcüstana 27,8 faiz və Ukraynaya 24,6 faiz artıb.

Qeyd edək ki, 2019-cu il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına isə pomidor (189,3 milyon ABŞ dolları) liderlik edib. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 172,4 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (124,2 milyon ABŞ dolları) üçüncü olub.

 


Bütün xəbərlər