Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək beynəlxalq aviasiya təhlükəsizlik standartlarına cavab verir

16:27 - 3.02.2020


3 fevral, Fineko/abc.az.  Heydər Əliyev Beynəlxalq Aeroportunun ABŞ-da sərnişin və yük daşımalarına tətbiq olunan aviasiya təhlükəsizlik standartlarına uyğunluq səviyyəsinin hərtərəfli yoxlanması aparılmışdır.

Audit Azərbaycan və ABŞ arasında dövlətlərarası razılaşma əsasında aparılmışdır.

Yoxlama çərçivəsində ABŞ Nəqliyyat Təhlükəsizliyi Departamentinin (Transportation Security Administration) auditorları bütün müvafiq TSA tələblərinin, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və ABŞ Dövlət Aviasiya Təhlükəsizliyi Proqramının standartlarının və tövsiyələrinin yerinə yetirilməsi ilə tanış olmuşdurlar.

TSA auditorları sərnişinlərin qeydiyyata alınması, təyyarələrin uçuş öncəsi sınaqdan keçirilməsi, baqajın yoxlanılması, təyyarədə iaşə təhlükəsizliyi, habelə aviasiya təhlükəsizliyi işçilərinin fəaliyyəti ilə tanış olmuşdurlar.

Həmçinin aeroport ərazisinin və perronun təhükəsizliyi, kinoloji xidmətin hazırlığı, hava limanının elektron sisteminin kiber hücumlardan qorunma səviyyəsinin və s. qiymətləndirilməsi həyata keçirilmişdir.

Yoxlama nəticəsində Nəqliyyat Təhlükəsizliyi Departamenti Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan aviasiya təhlükəsizliyi tədbirlərinin TSA və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə tam cavab verdiyi qənaətinə gəlmişdir.

Yoxlama qrupunun mütəxəssisləri “Azərbaycan Hava Yolları” yanında Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin personalının və struktur bölmələrinin bütün rəhbər heyətinin yüksək səviyyəli peşəkar hazırlığa malik olduqlarını qeyd etmişdirlər.

Bütün xəbərlər