Azərbaycan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kapital artımında iştirak edəcək – Qərar verildi

16:13 - 6.02.2020


6 fevral, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kapital artımında iştirak edəcək.

Bu barədə ABC.AZ-a Maliyyə nazirliyindən bildirilib.

Belə ki, Prezident İlham Əliyevin sərəncamına əsasən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) kapital artımında Azərbaycanın iştirakı ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Azərbaycan BYİB-də əlavə 505 səhmə abunə yazılması üçün müvafiq sənədlərin imzalanması səlahiyyəti maliyyə naziri Samir Şərifova və ədliyyə naziri Fikrət Məmmədova verilib. Əlavə 505 səhmə sahib olmaqla ümumi səs paritetində Azərbaycanın 0,13 faizlik səsvermə hüququnun qorunub saxlanılması təmin ediləcək.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən üzv olduğu Dünya Bankı Qrupuna daxil olan BYİB-da ümumi dəyəri 286 milyon dollar olan 2.371 səhmə malikdir.

 

Bütün xəbərlər