330x110
 

SOCAR AQŞ “Halliburton”la birgə müəssisə yaradır

10.02.2020,11:39


10 fevral, Fineko/abc.az.  SOCAR AQŞ “Halliburton” şirkəti ilə Azərbaycanda neft sənayesi üçün çoxsaylı material və xidmətlərin təchizi üzrə fəaliyyət göstərəcək birgə müəssisənin yaradılmasına dair anlaşma memorandumu imzalayıb.

Müəssisədən verilən məlumata görə, müəssisə Azərbaycanda həm quruda, həm də dənizdə fəaliyyət göstərəcək. SOCAR AQŞ və “Halliburton” şirkətləri birgə müəssisənin fəaliyyətə başlamasını 2020-ci ilin ikinci rübündə həyata keçirməyi planlaşdırır.

SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev deyib: “Şirkətimizin dünya səviyyəli səriştəsini, zəngin təcrübəsini və müasir infrastrukturunu neft sənayesi üzrə material və xidmətlərin təchizi sahəsində qlobal lider hesab olunan “Halliburton” şirkətinin tam potensialı ilə birləşdirərək Azərbaycanda birgə əməkdaşlıq etmək və fəaliyyətimizi genişləndirmək üçün strateji platformanın əsasını qoyduq”.

“Halliburton”un Avropa, Avrasiya və Afrika regionu üzrə baş vitse-prezidenti Ahmed Kenavi bildirib: “İnanırıq ki, SOCAR AQŞ ilə yeni yaradacağımız birgə müəssisəmiz neft sənayesi üçün material və xidmətlərin təchizi üzrə regionun artan tələbatını dünya səviyyəli xidmətlər göstərməklə təmin edə biləcək və bazarda unikal mövqeyə malik olacaq.”