Müdafiə naziri cəbhəboyu zonada yerləşən zirehli texnikaların döyüş qabiliyyətini yoxlayıb

13:03 - 27.12.2017


27 dekabr, Fineko/abc.az. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən  tank bölmələrində olublar.

Müdafiə Nazirliyinin məlumatında deyilənə əsasən, zirehli texnikaların döyüş qabiliyyəti və tətbiqi imkanlarını yoxladıqdan sonra nazirə məruzə olunub ki, silahlanmada olan bütün hərbi texnika döyüşə hazır vəziyyətdədir.

Müdafiə naziri zirehli texnikalarda atış və sürücülük çalışmalarının öyrənilməsi üçün nəzərdə tutulmuş trenajor kompleksində təlim-məşq qurğularına baxış keçirib və mərkəzin tədris imkanlarını yüksək qiymətləndirib.

Bildirilib ki, təlim mərkəzində trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş tətbiqi üzrə praktiki vərdişlər təkmilləşdirilir.

Şəxsi heyətlə görüşən general-polkovnik Z.Həsənov Ali Baş Komandanın bayram təbriklərini şəxsi heyətə çatdırıb və fərqlənənləri dövlət başçısı adından mükafatlandırıb.

 

 

Bütün xəbərlər