330x110
 

Azərbaycan Rusiyanın nüfuzlu səyahət şirkəti ilə anlaşdı – Birgə layihəyə başlayırlar

12.02.2020,16:26


12 fevral, Fineko/abc.az. Azərbaycan Turizm Bürosu Rusiyanın məşhur səyahət platforması olan “Aviasales” ilə strateji tərəfdaşlığa start verib.

ABC.AZ Büroya istinadən xəbər verir ki, “Aviasales” ilə əməkdaşlıq çərçivəsində birinci layihə platformada test formasında keçirilən müsabiqə olacaq.

 Bu müsabiqənin iştirakçıları 12 fevral - 9 mart tarixlərində https://azerbaijan.aviasales.ru/ vebsaytına daxil olaraq Azərbaycan üzrə fərdi marşrut yarada biləcək və Azərbaycana uçuş bileti qazanmaq imkanı əldə edəcəklər.

Qalib martın 16-da marşrutu sosial şəbəkələrdə paylaşan iştirakçılar arasında təsadüfi yolla seçiləcək. Müsabiqədə yalnız 18 yaşına çatmış Rusiya Federasiyasının vətəndaşları iştirak edə bilərlər.

Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid bildirib ki, Rusiya bazarı Azərbaycan üçün ən prioritet bazarlardan biridir: “Biz şadıq ki, dünyanın aparıcı turizm platformalarından biri bizim strateji tərəfdaşımızdır. Biz “Aviasales” ilə birlikdə turistləri Azərbaycanın nə təklif etməsi barədə maarifləndirmək və ölkəyə bir daha baxmağa dəvət etmək istəyirik”.

Qeyd edək ki, Azərbaycana Sankt-Peterburq şəhərindən səyahət edən turistlərin sayında 60%, Moskva şəhərindən isə 20% artım müşahidə olunub.

Müəllif: Elmir Murad