Mehmanxanalarda göstərilən xidmətlər bahalaşıb – Dövlət Komitəsi

14:21 - 13.02.2020


13 fevral, Fineko/abc.az. Dövlət Statistika Komitəsi Azərbaycandakı illik və aylıq inflyasiya ilə bağlı məlumat yayıb.

ABC.AZ xəbər verir ki, ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, ayaqqabıların təmiri, bərbərxana, kosmetoloji və tibbi xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ictimai iaşə xidmətlərinin qiymətlərində bahalaşma, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə istehlak qiymətləri indeksi 2018-ci ilə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,8 faiz, qeyri-ərzaq malları üzrə 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 2,0 faiz artıb.

 

Bütün xəbərlər