330x110
 

Obyektində POS-terminal quraşdırmayan vergiödəyiciləri cərimələnəcək – 6 min manata qədər

14.02.2020,15:11


14 fevral, Fineko/abc.az. 2020-ci ildən POS-terminalların quraşdırmayan və onların olduğu obyektlərdə nağdsız ödənişlərin qəbul olunmasından imtina edənlərə maliyyə sanksiyaları tətbiq olunacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ABC.AZ-a  bildirilib ki, bununla bağlı 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinin 58.7-ci maddəsində dəyişiklik edilib.

Belə ki, ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılması qanun pozuntusu hesab olunur.

Qeyd edək ki, vergiödəyicisi sadalanan hallara birinci dəfə yol verdikdə 1000 manat, ikincidə 3000, üç və daha çox dəfə yol verdikdə isə 6000 manat maliyyə sanksiyasına məruz qalacaq.