“AtaBank” ASC hərbçimizin kredit borcunu bağışladı

11:10 - 28.12.2017


“AtaBank” ASC 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində  Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış hərbçimizin kredit borcunu bağışlayıb.

Paşazadə Vüsal Ədalət oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda, düşmən mövqelərinin məhv edilməsində, həmçinin Lələtəpənin işğaldan azad edilməsində N-saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin kəşfiyyatçısı olaraq iştirak etmiş və bu zaman ağır yaralanaraq kontuziya almışdır.

Hərbçimiz “AtaBank”-ın Mərkəz filialına dəvət edilib və İdarə Heyəti Sədrinin müavinləri Etibar Babaşlı və Səbuhi Əliyevlə görüşüb. Görüş zamanı “AtaBank” ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlı bildirmişdir ki: “Hərbçilərimiz vətənimizin bütövlüyü, bizim və övladlarımızın firavanlığı uğrunda düşmən qarşısında sipər olurlar, müstəqilliyimizi qorumaq üçün canlarından keçirlər. Hər bir şirkət vətən və cəmiyyət qarşısında daşıdığı məsuliyyəti unutmamalıdır. Fərd olaraq da hər birimiz torpağa, vətənə, vətənpərvərlik ruhuna sadiq qalmalıyıq. Əsgərlərimiz vətən uğrunda canlarını verir, bizim də AtaBank ASC olaraq əlimizdən gələn onlara dəstək olmaq, birlik və bərabərlik nümayiş etdirməkdir. Bu hər bir Azərbaycan övladının müqəddəs borcudur.”

Xatırladaq ki, “AtaBank” ASC bundan öncədə Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış hərbçimizin kredit borcunu bağışlayıb.

“AtaBank” ASC 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitallı, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

 

 

Bütün xəbərlər