Restoranlarla bağlı nazirliyə şikayət olunub – Təmizləyici qurğulara vaxtında qulluq edilmir

15:17 - 18.02.2020


18 fevral, Fineko/abc.az. Restoranlar qurğuların filtrlərini dəyişmirlər, havaya yenidən tüstü yayılır.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Ramal Bağırov bildirib.

O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bəzi iaşə obyektləri və şadlıq saraylarının axşam saatlarında yenə də havaya tüstü, iy-qoxu yayması ilə bağlı şikayətlər daxil olub.

Nazirlik rəsmisinin sözlərinə görə, mütəxəssislər tərəfindən restoranlarda təkrar monitorinqlər həyata keçirilib və məlum olub ki, Bakının Nizami və Xətai rayonlarında fəaliyyət göstərən bəzi şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atılır: "Restoranlarda təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında qulluq edilmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Obyekt sahiblərinə xəbərdarlıqlar olunub ki, filtrləri vaxtında dəyişsinlər, havaya atılmaların qarşısını alsınlar və sakinlərə diskomfort yaratmasınlar".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər