Azərbaycan ilə Gürcüstan arasında daha bir sənəd imzalanıb

16:45 - 18.02.2020


18 fevral, Fineko/abc.az. Azərbaycanla Gürcüstan arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

ABC.AZ xəbər verir ki, iclasda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze İştirak ediblər.

H. Həsənov Bakıda və digər ərazilərdə qeyri-qanuni sərnişin daşınmasını həyata keçirən Gürcüstan avtobuslarının fəaliyyətinin qarşısının alınması məsələsinə toxunub. Eyni zamanda yerli  yük daşıyıcılarının həcminin Gürcüstan tərəfin daşıyıcıları ilə müqayisədə artmasını nəzərə alaraq "İcazə"lərin mübadilə sayının 2020-ci il üçün bərabər sayda artırılması ilə bağlı təklif müzakirə edilib.

M. Xmaladze 3-cü ölkəyə yük aparmaq məqsədilə Azərbaycana Gürcüstandan boş gələn yük avtomobillərinin sərhəd-keçid məntəqələrindən buraxılmasında hər iki ölkənin Gömrük orqanları tərəfindən eyni şəraitin yaradılması məsələsinin geniş müzakirə edilməli olduğunu iclas iştirakçılarının nəzərinə çatdırıb.

Qeyd edək ki, iclasda müvafiq Protokol imzalanıb.

 

Bütün xəbərlər