Biznes kreditlərinin artırılması üçün Azər Türk Bank ciddi işlər görür - Rauf Ağayev

16:32 - 20.02.2020


 

2019-cu il bir çox sahələrdə olduğu kimi bank sahəsində də bəzi dəyişiklilərlə yadda qaldı. Bəzi banklar kredit, deposit portfelini artırdı, bəzilərinin isə maliyyə durumu daha da pisləşdi. Restaylinq (imic dəyişən) və rebrendinq (adı dəyişmə) edən banklar da oldu.

 

Ötən 2019-cu ildə Azər Türk Bankın maliyyə durumu və gələcək planları barədə Bankın mətbuat katibi Rauf Ağayevlə söhbətləşdik. R.Ağayevin ABC.AZ-a müsahibəsini təqdim edirik:

- Bildiyiniz kimi ötən il bir sıra banklar restaylinq etdi. Azər Türk Bankda belə bir addıma ehtiyac varmı və etməyi düşünürmü?

- Dövlət bankı Azər Türk Bank üslub baxımından yenilənməsini davam etdirir. Bu istiqamətdə görülən işlər sırasında Bank özünün korporativ veb-saytının müasir tələblər nəzərə alınmaqla hazırlanmış yeni versiyasını istifadəyə verib. Korporativ saytın modernləşdirilməsi layihəsi çərçivəsində onun konsepsiyası, dizaynı və quruluşu tamamilə dəyişdirilib. Saytın yenilənmiş konsepsiyası və strukturu gələcəkdə funksionalın artırılmasını, ən müasir onlayn həllərin tətbiqini mümkün edəcək.

- Bankınız ötən il ən çox istehlak, yoxsa biznes kreditləri verib?

- 2019-cu ildə Azər Türk Bankın kredit portfelinin həcmi 178,4 milyon manat səviyyəsində olub. Bank ötən il ərzində 55,5 milyon manat həcmində istehlak kreditləri, 61,8 milyon manat həcmində biznes kreditləri, 69,1 milyon manat həcmində daşınmaz əmlak kreditləri verib.

- Biznes kreditlərin artırılması üçün Bankınız hansı işləri görür?

- Bu istiqamətdə Bankımız əhəmiyyətli işlər görür. Maliyyə ehtiyaclarının ödənilməsində korporativ müştərilərə yardımçı olan Azər Türk Bank yeni və daha əlçatan məhsul və xidmətlər təklif etməkdədir. Bu yaxınlarda Bank əlverişli şərtlərlə “Faktorinq” kredit xətti məhsulunu korporativ müştərilərin ixtiyarına verib. Yeni kredit xətti məhsulunun tətbiqi müştərilərin öz dövriyyə vəsaitlərindən rahat və rasional istifadəsi, biznesin davamlı inkişaf etdirilməsində Bank tərəfindən onlara dəstək məqsədini daşıyır. Belə ki, ticarət əməliyyatları zamanı satıcı məhsul və göstərdiyi xidmətin dəyərini tez əldə etmək, alıcı isə ödənişləri bir müddət sonra yerinə yetirmək istədiyi təqdirdə, hüquqi şəxs və ya fərdi sahibkar olan müştəri “Faktorinq” kredit xəttinin açılması barədə Azər Türk Banka müraciət edə bilər. Bu halda Bank malların və ya göstərilən xidmətin dəyərinin 90%-ə qədər olan hissəsinin dərhal kreditləşməsini həyata keçirir. Qeyd edim ki, bu kredit xətti üzrə Bank əlavə girov və təminat tələb etmir, faiz dərəcəsi isə fərdi şəkildə, qarşılıqlı razılaşma və güzəştli qaydada təyin olunur. Yaxın zamanda korporativ müştərilərimizə yeni məhsullar təqdim edəcəyik. Bu sıradan EKVAYRİNQ overdraft kredit xətti məhsulunu qeyd etmək istəyirəm. Bu, Bankın ekvayrinq (POS-Terminal və E-Ticarət üzrə) kanalları üzərindən həyata keçirilən satışın müəyyən həcmində “overdraft” əsaslı, 3 iş günü ərzində faizsiz güzəşt müddətli və imtiyazlı illik faiz dərəcəsi ilə verilən kredit xətti olacaq. Sahibkar kredit xətti fərdi sahibkarlar üçün nəzərdə tutulub. Bu, “Sahibkar Kartı” məhsulu üzərindən açılacaq, faizə 40 günədək güzəşt müddətli və imtiyazlı illik faiz dərəcəsi olacaq kredit xəttidir. Kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün İnkişaf krediti məhsulumuzu təklif edəcəyik. Ümumi müddəti üç ilədək nəzərdə tutulmuş bu kreditin məbləği 100,000 manatadəkdir və əsas borcun ödənişinə 12 aya qədər güzəşt tətbiq ediləcək. "Start-up"lar üçün kredit məhsulumuz yeni qurulmaqda olan, yaxud müasir tələblərə cavab verən perspektivli bizneslərin dəstəklənməsi məqsədini daşıyacaq. Kreditin məbləği 50,000 manatadək, ümumi müddəti 60 aya qədər olacaq, əsas borcun ödənişinə 36 ayadək güzəşt tətbiq ediləcək. Sadaladığım məhsullar tezliklə korporativ müştərilərimizin ixtiyarına veriləcək.

- Kredit faizlərinin endirilməsi ilə əlaqədar hansı plan və işləriniz var?

- Qeyd edim ki, Bankımız olkədə korporativ müştərilərə ən əlverişli şərtlərlə kredit verən maliyyə-kredit təşkilatlarındandır. Bu tendensiyanı davam etdirəcəyik.

Müəllif: Elmir Murad

Bütün xəbərlər