Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın ilk iclası keçirilib

15:24 - 28.12.2017


Dekabrın 28-də Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvlərinin ilk iclası keçirilib. Komitə sədri Ramiz Həsənov çıxış edərək bildirib ki, Azərbaycanda yeni siyasi sistemin, o cümlədən vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşması ümummilli lider Heydər Əliyevin müstəsna хidmətlərindəndir. O qeyd edib ki, 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarının təminatı, demokratik vətəndaş cəmiyyəti quruculuğu dövlətin ali məqsədi kimi müəyyən edilib.

Ramiz Həsənovun sözlərinə görə, müasir vətəndaş cəmiyyətinin əsas özəyi kimi qeyri-hökumət təşkilatları yeni mərhələyə qədəm qoymaqla vətəndaş cəmiyyətinin formalaşmasında öz sözünü deyə bilib. Ölkənin demokratikləşməsi prosesində vətəndaş cəmiyyəti institutlarının rolunun getdikcə artdığını deyən komitə sədri əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən QHT-lərin fəaliyyətinin daha da genişlənməsinə təminat verən çoxsaylı qanun layihələri parlamentə təqdim edilib, eyni zamanda, QHT-lər ölkədə dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevriliblər. 2012-ci ildə dövlət başçısı tərəfindən “Açıq Hökumətin təşviqinə dair ilk Milli Fəaliyyət Planı” təsdiq edilib. 2016-cı ildə daha bir Fəaliyyət Planı qəbul edilərək ictimai iştirakçılıqla bağlı qarşıya yeni vəzifələr qoyulub.

Ramiz Həsənov müasir dövrdə ölkəmizdə qeyri-neft ixrac potensialının genişləndirilməsi, sahibkarlığın inkişafı, ticarətdə texniki maneələrin aradan qaldırılması istiqamətində Komitə qarşısında ciddi vəziflər durduğunu və yeni iqtisadi modelin tətbiqində Komitənin fəaliyyət sahələrinin aktuallığının günbəgün yüksəldiyini deyib. Onun sözlərinə görə, uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin, akkreditasiya nəticələrinin, həmçinin sertifikatların, sınaq protokollarının xaricdə tanınması ilə bağlı cənab Prezidentin tapşırıqlarının icrası məqsədilə bir sıra mühüm işlər görülüb. Ölkədə keyfiyyət infrastrukturu sahələrinin idarəolunması təkmilləşdirilib, Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatına assosiativ üzv olub, Azərbaycan Standartlaşdırma İnstitutu milli orqan statusunda Beynəlxalq Standartlaşdırma Təşkilatına qoşulub.

Komitənin fəaliyyətində ictimai iştirakçılığı təmin etmək zərurətinin daha da aktuallaşdığını bildirən sədr bu məqsədlə Komitə yanında İctimai Şura yaradıldığını bildirib.

Komitənin şöbə müdiri Fazil Talıbov çıxış edərək Komitə yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə bağlı görülmüş işlərdən və İctimai Şuranın formalaşması prosesindən danışıb. Şöbə müdiri “İctimai iştirakçılıq haqqında” Azərbaycan  Respublikası Qanununda İctimai Şura ilə bağlı nəzərdə tutulan məsələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra Komitə sədri Ramiz Həsənov İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatı sədrlərinə üzvlük vəsiqələrini təqdim edib.

Çıxış edən İctimai Şura üzvləri vətəndaşların dövlət idarəçiliyində iştirakı, məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunması, verilən qərarlarda vətəndaş cəmiyyəti institutlarının rəyinin nəzərə alınması baxımından Komitənin təşəbbüsü ilə yaradılmış İctimai Şuranın əhəmiyyətini qeyd ediblər. Onlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ictimaiyyətə hər zaman açıq olduğunu, vətəndaş cəmiyyəti institutları ilə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu vurğulayıblar. Komitə tərəfindən vətəndaş hüquqlarının müdafiəsi istiqamətində aparılan işlərdə İctimai Şuranın daha yaxından iştirak edəcəyini bildiriblər.

Sonra İctimai Şuranın təşkilati məsələləri ilə bağlı rəy və təkliflər səsləndirilib. 2 il müddətinə fəaliyyət göstərəcək Şuranın sədri üzvlər arasından sadə səs çoxluğu ilə Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni seçilib.

 

Bütün xəbərlər