SOCAR “Snam” şirkəti ilə saziş imzaladı

11:03 - 21.02.2020


21 fevral, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və dünyanın qabaqcıl enerji infrastrukturu şirkətlərindən biri olan “Snam” arasında bərpaolunan qazlar və dayanıqlı enerjidən istifadənin inkişaf etdirilməsi, habelə həmin qazların gələcəkdə Cənub Qaz Dəhlizi və Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəqli üzrə əməkdaşlıq haqqında saziş imzalanıb.

ABC.AZ SOCAR-a istinadən xəbər verir ki, saziş Romada SOCAR və “Snam” şirkətlərinin nümayəndələri tərəfindən imzalanıb.

Saziş enerji transformasiyası və dövri iqtisadiyyat ilə bağlı olan sahələrdə əməkdaşlığı əhatə edir.

Sazişə əsasən bioqaz və biometandan istifadənin araşdırılması və inkişafı, həmçinin anaerob emal müəssisələrin yaradılması üçün imkanlar araşdırılacaq. Bu tipli müəssisələrin layihələndirilməsində və tikintisində “Snam”ın törəmə şirkəti olan “IES Biogas”ın təcrübəsi tətbiq oluna bilər.

SOCAR və “Snam” bu məsələ ilə bağlı potensial birgə investisiya imkanlarını qiymətləndirməyi planlaşdırır. Həmçinin yeni yanacaqpaylayıcı məntəqələri inkişaf etdirməklə və sıxılmış təbii qaz (CNG), maye təbii qaz (LNG) və hidrogendən (H2) istifadə etməklə dayanıqlı nəqliyyat dəstəklənəcək. “Snam”ın törəməsi olan “Cubogas” bu layihəyə cəlb oluna bilər. Avtomobil istehsalçıları ilə əməkdaşlığın qurulması və avtomobillərin modifikasiya olunması da mümkündür.

 

Bütün xəbərlər