Rövnəq Abdullayev: “Niyyətimiz insanların həyat səviyyəsinin dayanıqlı inkişafına nail olmaqdır”

11:39 - 21.02.2020


21 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın “Snam” şirkəti əməkdaşlıq haqqında saziş imzalanıb.

ABC.AZ SOCAR-a istinadən xəbər verir ki, mərasimdə “Snam”ın baş direktoru Marko Alvera bildirib ki, saziş “Snam” və SOCAR Azərbaycanda enerji transformasiyası və dövri iqtisadiyyata töhfə verərək, iki ölkə arasında əməkdaşlığı möhkəmləndirməyə imkan yaradacaq: “Saziş biometan və hidrogenin inkişafı Cənub Qaz Dəhlizi və TAP kəməri vasitəsilə bərpaolunan qazların nəqli üçün yeni imkanlar yarada bilər və beləliklə etibarlı və çevik təchizat ilə yanaşı ekoloji davamlılığı artırar”.

Öz növbəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev isə bildirib ki, rəhbəri olduğu qurum ətraf mühitə neqativ təsirlərin minimuma endirilməsi üzrə fəaliyyətində əhəmiyyətli addımlar atıb: “Bu saziş enerji sənayesində davamlılığa doğru atılan daha bir mühüm addımdır. Bu addımın məqsədi ekoloji cəhətdən təmiz bir iqtisadiyyat yaratmaq, qlobal istiləşmənin məhdudlaşdırılmasına töhfə vermək , insanların rifah halının və həyat səviyyəsinin dayanıqlı inkişafına nail olmaqdır”.

Qeyd edək ki, hər iki şirkət TAP konsorsiumunda 20% paya sahibdir və Cənub Qaz Dəhlizinin ən böyük səhmdarlarındandır.

 

Bütün xəbərlər