Azərbaycan və Rusiya “Pyotr Velikiy” gəmisində dəniz turlarının təşkili barədə razılığa gəldilər

15:41 - 28.12.2017


28 dekabr, Fineko/abc.az.  “Moskva Çay Gəmiçiliyi” ASC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC dəniz turlarının təşkili haqqında memorandum imzaladılar.

QSC-dən verilən məlumata əsasən, “Pyotr Velikiy” gəmisində dəniz turlarının təşkilini nəzərdə tutan memorandumu,  “Moskva Çay Gəmiçiliyi” ASC-nin baş direktoru Konstantin Anisimov və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbəri Rauf Vəliyev imzaladılar.

“Memoranduma əsasən, 2019-cu ilin sonuna kimi hazırda tikilməkdə olan “Pyotr Velikiy” gəmisi ilə Bakıya turistlərin səfəri təşkil ediləcək. Kruizlər üçün ilkin mərhələdə Həştərxan-Bakı marşrutu araşdırılacaq. 2020-ci ilədək isə turların əhatə dairəsi genişləndiriləcək. Bu məqsədlə tərəflər Qara dəniz limanları, Rusiyanın daxili suları, Həştərxan və Xəzər dənizindəki digər limanların, Moskva-Bakı, Həştərxan-Maxaçqala-Bakı, Bakı-Ənzəli-Nouşehr-Türkmənbaşı-Aktau-Həştərxan arasında dairəvi reyslərin təşkili ilə bağlı araşdırma aparacaqlar”, - məlumatda belə deyilir.

Hazırda inşa edilən və turistlərin Qara dənizə, Rusiyanın liman şəhərlərinə, habelə Xəzəryanı ölkələrə səyahət edə biləcəyi gəmi 310 sərnişin üçün nəzərdə tutulub. Gəmidə turistlərə 90 nəfərlik heyət tərəfindən xidmət göstəriləcək.

 

 

Bütün xəbərlər