Koronavirus oldu-olmadı biz turizmlə bağlı strategiyaya uyğun işləyirik – Kənan Quluzadə

17:00 - 25.02.2020


25 fevral, Fineko/abc.az. Bir sıra ölkələrdə koronovirus epidemiyasının yayılması bütün sektorlarda olduğu kimi turizm sahəsinə də təsirsiz ötüşmür. Ən pisi də odur ki, epidemiyanın yayıldığı Çindən Azərbaycana bu mövsüm xeyli turistin gəlişi gözlənilirdi. Amma epidemiyanın yayılması səbəbindən artıq turist axının olmayacağı gözlənilir.

Məsələ ilə bağlı ABC.AZ-a açıqlama verən Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib ki, Agentlik və Azərbaycan Turizm Bürosunun strategiyasında heç nə dəyişməsə də Çinlə bağlı taktiki dəyişikliklər var.

Onun sözlərinə görə, sözügedən bazar ölkə, dünya üçün müvəqqəti qapanıb: “Amma bizim Çində nümayəndəliyimiz də fəaliyyət göstərir, imzaladığımız sazişlər də qüvvədə qalır. Bu məsələdə Dövlət Turizm Agentliyi öz strategiyasını situativ qurmur. Biz ötən il məhz bazarların genişləndirilməsi ilə bağlı böyük işlər görmüşük və nəticələr də var. Ümumi artım da onu göstərir. Coğrafiyamız da genişlənib, yeni regionlar da əlavə edilib. Bu bizim koronavirus oldu-olmadı, hardasa nəsə baş verdi ya vermədi ümumi strategiyamızdı. Və o strategiya da Azərbaycan turizm inkişafının 2018-2023-cü illərdəki konsepsiyasında göstərilib. Bizim 6 xarici nümayəndəliyimiz var və bu il də 3 yeni nümayəndəlik açacağıq”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər