Azərbaycan xarici turizm bazarı siyasətini dəyişir - Agentlikdən açıqlama

15:44 - 27.02.2020


27 fevral, Fineko/abc.az. Koronovirusla bağlı dünyada gedən proseslər daxili turizmin inkişafına müəyyən təkan verə bilər.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, çünki insanlar ölkələrindən çıxmağa çətinlik çəkirlər və qorxurlar. Agentlik rəsmisi bildirdi ki, bu prosesdən gözlənilir ki, insanlar daha çox öz ölkələrində səyahət edəcəklər: " O cümlədən Azərbaycanda da biz gözləyirik ki, daxili turizm artsın. Bununla bağlı da bizim ssenarilərimiz var və belə deyək təbliğat, marketinq təqdimatlarımız hazırlanır. Və bununla da biz ölkədə daxili turizmin inkişafına çalışacağıq. Xarici bazar siyasətimizə müəyyən korreksiyalar edirik ki, daha çox ziyan dəymiş bazarlara qüvvələrimizi yönəltməyək. Məsələn Çin bazarını misal gətirmək olar. Onlarla bağlı böyük planımız vardı, təəssüf ki, onu həyata keçirə bilmirik. Digər bazarlara isə səylərimizi artırıb, onlarla işimizi çoxaldacağıq".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər