Gələn il biz “Abşeron” yatağından qaz hasilatına başlayacağıq - İlham Əliyev

12:36 - 2.03.2020


2 mart, Fineko/abc.az. Azərbaycanın və BP-nin müqavilənin müddətinin 2024-ci ildən 2050-ci ilə qədər uzadılması ilə bağlı müqaviləni imzalaması faktı onu göstərir ki, “Azəri-Çıraq-Günəşli”nin potensialı həqiqətən də böyükdür.

ABC.AZ xəbər verir ki, bunu ötən həftə Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında İlham Əliyev deyib. “Əgər əvvəllər yatağın neft potensialını 500 milyon ton ehtimal edirdiksə, hazırda bu, 1 milyard tondan qat-qat çoxdur. Əminəm, yeni texnologiyalar imkan verəcək ki, biz daha çox neft hasil edə bilək” deyə dövlət başçısı toplantıda deyib. Onun sözlərinə görə, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir: “Proqnozlaşdırılan ehtiyatlar 3 trilyon kubmetr civarındadır. Ona görə də Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq. Bu gün ənənəvi tərəfdaşlarımızla, - “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” konsorsiumlarına rəhbərlik edən və strateji tərəfdaşımız olan BP ilə “D 2030” adlandırılan layihə üzərində çalışırıq. Bu, 2018-ci ildə qüvvəyə minib. BP ilə birlikdə biz “Şəfəq- Asiman” qaz yatağı üzərində çalışırıq və ilk quyu çox tezliklə qazılmalıdır. Biz BP ilə, həmçinin “Dayazsulu” adlandırılan layihə üzərində çalışırıq. Bu layihənin aşkar edilməyən yataqlar baxımından böyük potensialı var, çünki o, sahilə çox yaxın yerləşir və bizim ənənəvi hasilatımız dənizdə aparılırdı. Gələn il biz “Total”la 300 milyard kubmetr qaz potensialı olan “Abşeron” yatağından qaz hasilatına başlayacağıq”.

 

Bütün xəbərlər