2020-ci ildə turizm sektorunda 22 milyard dollarlıq itki olacaq – Vüqar Bayramovdan bədbin proqnoz

15:29 - 3.03.2020


3 mart, Fineko/abc.az. İlkin qiymətləndirmələrə görə, koronovirus infeksiyasının təsirləri nəticəsində 2020-ci ildə turizm sektorunda 22 milyard dollarlıq bir itki olacaq.

Bunu ABC.AZ-a koronovirusun dünya iqtisadiyyatına təsirlərini şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O qeyd edib ki, eyni zamanda artıq koronovirusun yayıldığı müddətdə birjalarda səhmlər 2-3 trilyon dollardan çox dəyərsizləşib. V.Bayramovun sözlərinə görə, koronovirus dünya iqtisadiyyatına mənfi təsir göstərməkdədir və infeksiyanın qlobal olaraq coğrafi baxımından yayılması həm də qlobal iqtisadi artım tempinin faiz etibarı ilə azalmasına gətirib çıxarır: “Digər tərəfdən isə bir sıra sektorlar, xüsusən də turizmə ciddi təsir göstərir. Təbii ki, birjalar koronovirusun təsirlərini hiss etməkdədir. Koronovirusun çox təsir etdiyi bazarlardan biri də neft bazarıdır. Dünya iqtisadiyyatında artım tempinin azalması neftə olan tələbin də azalmasına gətirib çıxarır. Neftə olan tələb neftin dünya bazarlarında qiymətini müəyyənləşdirən əsas faktorlardan biridir”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər