OPEC ölkələri neft hasilatının 1,5 milyon barrel azaldılmasına razılıq veriblər

17:23 - 5.03.2020


5 mart, Fineko/abc.az. Vyanada keçirilən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 178-ci iclasında kartelə üzv ölkələr neft hasilatının 1,5 milyon barrel azaldılmasına razılıq veriblər.

Xəbər verilir ki, OPEC-ə üzv 14 ölkənin enerji və neft nazirlərinin iştirak etdiyi iclasda koronavirusun neft bazarına təsirləri qiymətləndirilib və hasilat məhdudiyyətlərinin ikinci rübü əhatə etməsi qərarlaşdırılıb.

Qeyd edək ki, kartelin bu qərarı martın 6-da OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) nazirlərinin 8-ci görüşündə də müzakirə olunacaq və “OPEC+” üzrə istehsal məhdudiyyətləri dəqiqləşdiriləcək.

Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci görüşündə “OPEC+” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Bu ilin yanvarından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.

© Azertag.az

 

Bütün xəbərlər