330x110
 

Devalvasiya olsa sığorta şirkətlərinin banklardakı əmanətləri təhlükə altına düşəcək - Ekspert

10.03.2020,10:46


10 mart, Fineko/abc.az. Son vaxtlar dünya bazarında xam neftin ucuzlaşması, ölkə büdcəsinin əsas gəlirinin neft pulları hesabına formalaşan dövlətlər kimi Azərbaycana da şübhəsiz ki, təsirsiz ötüşməyəcək.

Bunu ABC.AZ-a sığorta eksperti İlkin İbrahimov dünya iqtisadiyyatını getdikcə zəiflədən koronovirusun sığorta bazarına təsirini şərh edərkən deyib.

Onun sözlərinə görə, maliyyə alətlərindən biri olan sığorta sektorunun da zərər görməsi qaçılmazdır.

Ekspert hesab edir ki, ölkəyə gələn gəlirlərin azalması və xaricə ödənişlərin artması fonunda manat yüksək təzyiq altına düşərsə bu bank sektoruna mənfi təsir edəcək. Bunun bir ucu isə təbii ki, sığorta bazarına da toxunur: “Ölkəmizdə sığorta sektoru yeni inkişaf edir və burada ödəniş məsələlərində problemlər yaşandığından əhalinin sığortaya marağı daha kövrəkdir. Əgər hər hansı devalvasiya və ya bankın bağlanması müşahidə edilərsə sığorta şirkətlərinin banklardakı əmanətləri və ya cari hesabları təhlükə altına düşə bilər. Bu da nəticədə vətəndaşlara ödənişlərdə çətinliklər yaranacağı ehtimalını artırır. Belə şəraitdə təbii olaraq sığorta şirkətləri ilə vətəndaşlar arasında müəyyən problemlərin yaranması sığorta sektoru üçün arzuolunmaz hallara gətirib çıxara bilər”.

Müəllif: Elmir Murad