Müsabiqə qalibləri bəlli olub

04.01.2018,10:52


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc fiziklərin yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub.

Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, 39 nömrəli tam orta məktəb və 287 nömrəli “Zəkalar” liseyinin komandaları 35 balla I, 72 nömrəli məktəb-liseyin komandası 33 balla II, 312 nömrəli tam orta məktəbin komandası isə 32 balla III yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqənin final mərhələsində Yasamal rayonu 52, Nərimanov rayonu 39, Binəqədi rayonu 283 və 313, Nəsimi rayonu 164, Qaradağ rayonu 288, Xəzər rayonu 120, Suraxanı rayonu 290, Pirallahı rayonu 186, Sabunçu rayonu 72 və 252, Nizami rayonu 62 və 312 nömrəli tam orta məktəblərin, Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyanın və Xətai rayonu 287 nömrəli “Zəkalar” liseyinin komandaları iştirak edib.

Komandalar ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq, 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər. Doğru cavablandırılan hər bir test tapşırığı 1, məsələ isə 5 balla qiymətləndirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin tədqiqat işlərinə və fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, eləcə də istedadlı  şagirdlərin aşkara çıxarılmasından ibarətdir. Müsabiqədə iştirak edən komandalar 3 nəfərdən (IX  sinif-1 nəfər, X sinif-1 nəfər, XI sinif-1 nəfər) təşkil olunub.

Müsabiqə qaliblərinə BŞTİ tərəfindən diplomlar təqdim olunacaq.