KOBİA Britaniya ilə əməkdaşlıq edəcək – Londonda qərar verildi

14:36 - 10.03.2020


10 mart, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Böyük Britaniya ilə kiçik və orta biznes sahəsində əməkdaşlıq edəcək.

KOBİA-dan ABC.AZ-a bildirilib ki, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov və Kiçik Biznes Federasiyasının Avropa İttifaqı və beynəlxalq əlaqələr idarəsinin direktor müavini Ceyms Sibli arasında keçirilmiş görüşdə KOBİA-nın fəaliyyəti, xarici ölkələrin, o cümlədən Böyük Britaniyanın müvafiq qurumları ilə əməkdaşlığı, startaplara və KOB-lara xidmətlərin göstərilməsi sahəsində təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.

 Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Direktorlar Şurasının üzvü Taşkın Temizlə görüşdə bankın 2019-2024-cü illər üzrə strategiyası çərçivəsində KOB-ların dəstəklənməsi istiqamətində, eləcə də dövlət-özəl sektor tərəfdaşlığı sahəsində əməkdaşlığı müzakirə olunub. London Ticarət və Sənaye Palatasının baş icraçı direktorunun müavini Peter Bişopla görüşdə isə KOBİA-nın və palatanın fəaliyyəti, KOB-lara göstərilən xidmətlər barədə qarşılıqlı məlumat verilib, Azərbaycan şirkətlərinin dünyanın ən böyük biznesə dəstək şəbəkələrindən olan Avropa Sahibkarlar Şəbəkəsinə (Enterprise Europe Network) qoşulması imkanlarına, KOB-lara xidmətlərin göstərilməsi, bazarlara çıxış sahələrində təcrübə mübadiləsinə, eləcə də ixrac sahəsində KOB-ların bilik və bacarıqlarının artırılması barədə müzakirələr aparılıb.

 

Bütün xəbərlər