Kirayə mənzillərin elektron qeydə alınmasına başlanıb

09:54 - 11.03.2020


11 mart, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil mexanizmi üzrə elektron müraciətləri qeydə alınmış vətəndaşların sənədlərinin qəbuluna başlanılıb.

Fonddan ABC.AZ-a bildirilib ki, gün ərzində 2 saylı Bakı “ASAN Kommunal” mərkəzi və Sumqayıt “ASAN xidmət” mərkəzində növbəlilik əsasında 75 vətəndaş baxılması üçün sənədlərini təqdim edib.

Sənədləri qəbul edilmiş vətəndaşların müraciətinə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ən geci 5 iş günü ərzində baxılır. Vətəndaşın yaşı, kredit tarixçəsi və rəsmi gəlirləri əsasında kirayəyə yönəldəcəyi maksimal aylıq ödəniş məbləği və kirayə müqaviləsinin maksimal müddəti müəyyən edilərək bu barədə onların elektron kabinetinə bildiriş göndəriləcək. Bundan sonra həmin vətəndaşlar “Elektron ipoteka və kredit zəmanət” sistemi (EİKZS) vasitəsilə ödəniş qabiliyyətlərinə uyğun yaşayış sahəsini seçmək imkanı əldə edəcəklər. Yaşayış sahələrinin seçilməsi qaydası ilə EİKZS-də yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər