Elman Rüstəmov: Hazırda bütün banklarda əhalinin ala biləcəyi qədər xarici valyuta var

15:30 - 11.03.2020


11 mart, Fineko/abc.az. Hazırda bütün banklarda əhalinin ala biləcəyi qədər xarici valyuta var.

Bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə müsahibəsində deyib.

“Dünyada koronavirusun coğrafiyasının genişlənməsi, qlobal iqtisadi proseslərdə - ticarətdə, iqtisadi artımda baş verənlər və qiymətləndirmələr, proqnozlar və bunların təsiri altında martın əvvəllərində neftin qiymətində azalmalar müşahidə olundu. Biz yenə də ənənəvi olaraq xarici şokdan danışırıq. Neftin qiymətinin düşməsi ölkənin nə ticarət, nə tədiyyə balansında əhəmiyyətli problem yaratmaq iqtidarında deyil. Bu, bazar iştirakçılarının, ilk növbədə, əllərində nağd manat olan əhalinin reaksiyasıdır. Yəni, bu gözlənti reaksiyasıdır. Hökumətin, Mərkəzi Bankın əsas gördüyü iş bu gözləntiləri müsbət gözləntiyə çevirməkdir ki, bunun üçün bütün tədbirlərdən istifadə edirik. Martın 10-da valyuta hərracı keçirildi, bütün tələbat ödənildi. Bu gün növbədənkənar hərrac oldu və bütün tələbat ödənildi, amma tələbat hərracda iki dəfədən çox aşağı düşdü. Nağd valyuta ehtiyatları yaradılıb və bankların bütün tələbləri gün ərzində hərracda tam şəkildə ödənilib. Hazırda banklarda əhalinin ala biləcəyi qədər xarici valyuta var. Ola bilər, müəyyən banklarda resursları olmasın ki, kifayət qədər valyuta almasın, onlar da bir-birinə kömək edirlər. Bankların tərəfindən aparılan əməliyyatların həcmi təxminən 10 dəfədən çox artıb”, - E.Rüstəmov qeyd edib.

O deyib: “Milli valyutanı dollara çevirən əhalini sakitliyə çağırıram. Hökumətin, Mərkəzi Bankın həyata keçirdiyi tədbirlərdən görünür ki, biz buna tam şəkildə hazırıq. Hökumətin və Mərkəzi Bankın “B” planı var. Bu plan məhz neftin 30-35 dollar qiymətinə hazırlanıb. Faktiki olaraq hökumət bu planla fəaliyyət göstərir. Biz bu problemi tez bir zamanda həll etmək əzmindəyik. Əhaliyə çağırışımız ondan ibarətdir ki, onlar öz hərəkətləri ilə bizə kömək edə bilərlər ki, bu problemi tez həll edək”.

© Azertag.az

 

Bütün xəbərlər