Sığortadakı 5000 manat təminatı artırılacaq - ASA sədri

11:52 - 12.03.2020


12 mart, Fineko/abc.az. Sığorta sektorunda mövcud olan təminatların artırılması məsələsi Mərkəzi Banka təklif olunub.

Bunu ABC.AZ-a müsahibəsində Azərbaycan Sığortaçılar Assosasiyasının (ASA) sədri Azər Əliyev deyib.

Onun sözlərinə görə, sözügedən təminat məsələsi artıq iqtisadi vəziyyətə cavab vermir.

Bu növ üzrə maksimal ödənişin 5000 manat olduğunu deyən ASA sədri qeyd edib ki, insanlar ödənişi tam görməmələrindən narazıdırlar.

A.Əliyev bununla yanaşı bonus-malus sisteminin də dəyişiləcəyini bildirib: "Təminatdakı məbləğ bəs eləmir. Ona görə də təkliflərdən biri də məbləğin artırılması ilə bağlıdır. Bununla yanaşı orda fərqli-fərqli komissiyon və bonus-malus sisteminin üzərində işləmək lazımdır. Sistemdəki hesablama metodikası, əmsalları fərqli olmalıdır. O təklifləri artıq aktuarilər veriblər. 2010-2011-ci illərdə bu qanun qüvvəyə minəndə onda bizdə statistika yox idi. Sadəcə dünyada olan təcrübəyə istinad edərək əmsallardan yararlanırıq. Amma bu gün bizim 10 illik statistikamız var. Sığorta özü statistika üzərində qurulur. Və aktuarilar sığorta sektorunda elə bir sahədir ki, onlardan çox şey asılıdır. Nə qədər onlar düzgün hesabatlarını aparsalar deməli o dərəcədə də bizim güclü sığorta bazarımız olacaq. Artıq onlarda bu cür məlumat, statistika var və onu nəzarət orqanı ilə, bizimlə bölüşürlər. Həmin statistika üzərindən bu cür təkliflər irəli sürülüb".

Müəllif: Elmir Murad

Bütün xəbərlər