Avtomobil sahiblərinin məsuliyyəti sığortası maliyyə tərəfdən zərərlə işləyir - Azər Əliyev

11:41 - 13.03.2020


13 mart, Fineko/abc.az. Sığorta şirkətləri ilə bağlı ən çox şikayət avtomobil sahiblərinin məsuliyyəti sığortası ilə bağlı daxil olur.

Bunu ABC.AZ-a müsahibəsində Azərbaycan Sığortaçılar Assosasiyasının (ASA) sədri Azər Əliyev deyib.

A.Əliyev fikrini daha da konkretləşdirərək qeyd edib ki, şikayətlərin əksəriyyəti şirkətlərdən deyil, fiziki şəxslərlə bağlıdır.

Şikayətləri avtomobil sahiblərinin məsuliyyəti sığortasının maliyyə tərəfdən zərərlə işləməsi ilə əlaqələndirən ASA sədri bildirib ki, hazırda sözügedən məhsul tələblərə cavab vermir: "2010-cu ildə bu məhsulun qiymətlərini, sığorta haqqını müəyyənləşdirəndə o vaxtkı statistikaya, qiymətlərə və həmin dövrdəki maliyyə durumuna cavab verirdi. Amma bu günə kimi bilirsiz ki, 2 dəfə devalvasiya baş verib və 10 ilə yaxın vaxt keçib. İnflyasiyalar, fərqli səbəblərdən yığılan haqlar və ödənilən təminatlar artıq bu günki vəziyyətə cavab vermir. Ona görə də sığorta şirkətləri tam qayda da lazımlı olan xidməti göstərə bilmirlər. Bilirsiz ki, sığortada bonus-malus sistemi var. Hamı bonusla gəzir, artıq orta sığorta haqqı bu növ üzrə 40 faizə qədər düşüb. Bunlar isə ona gətirib çıxarır ki, sığorta şirkətləri bu cür məhsulu satanda lazımlı olan vəsaitləri çatmır. Çünki sığorta biznesi elədir ki, sən çoxlu premya yığmalısan, sonra onların üzərində rezerv yaradırsan, daha sonra gündəlik ödənişləri həyata keçirirsən".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər