330x110
 

Əvvəlcədən sifariş verilmiş otel rezervasiyaları ləğv olunub - Qurumlar toplaşdı

13.03.2020,15:36


13 mart, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dünyada yayılmış koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanın turizm sektoruna təsirinin öyrənilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.

ABC.AZ xəbər verir ki, görüşdə Dövlət Turizm Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Turizm və xidmət üzrə iş komissiyasının, turizm sektorunda fəaliyyət göstərən müxtəlif assosiasiyaların, eləcə də 30-a yaxın turizm şirkətinin nümayəndələri iştirak ediblər.

Görüşdə koronavirusla bağlı daxili və xarici turist axınının azaldığı, əvvəlcədən sifariş verilmiş turların və otel rezervasiyalarının ləğv olunduğu, müxtəlif tədbirlərin, xüsusilə də Novruz Bayramı ilə əlaqədar tədbirlərin təxirə salınması səbəbindən turizm sektorunun müəyyən gəlirlərini itirdiyi qeyd edilib.

Tədbirdə koronavirus infeksiyasının biznes fəaliyyətinə təsirinin qiymətləndirilməsinə dair sahibkarlar arasında sorğu da keçirilib. Görüşdə səsləndirilən təkliflər və aparılmış sorğunun nəticələri ümumiləşdirilərək müvafiq qurumlara təqdim olunacaq.

Müəllif: Elmir Murad