Əmanətlərin sığortalanması barədə daha bir açıqlama - Bank sektoruna etimad artacaq

11:11 - 16.03.2020


16 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi dövlət başçısının  bütün qorunan əmanətlərin tam sığortalanması müddətinin yenidən 9 ay uzadılması məqsədilə Milli Məclisə müraciətindən sonra parlament  “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişikliyi qəbul edib.

Mərkəzi Bankdan ABC.AZ-a bildirilib ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun yenidən uzadılması əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunmasına, maliyyə sektorunun sabitliyinin və sağlamlığının təmin edilməsinə, bank sektoruna etimadın gücləndirilməsinə imkan verəcək.

Qanuna edilmiş dəyişiklik Prezident tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Bununla da Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi həddində bütün qorunan əmanətlərin (milli valyutada illik faiz dərəcəsinin yuxarı həddi 10%, xarici valyutada isə 2,5% olmaqla) məbləğindən, valyuta növündən və bankların maliyyə vəziyyətindən asılı olmayaraq tam sığortalanması müddəti 2020-ci il martın 4-dən dekabrın 4-dək uzadılacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər