ABŞ-da 1 dollarlıq məhsulu bizdə 0,25 dollara almaq mümkündür - Vüsal Qasımlı

15:39 - 16.03.2020


16 mart, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal şoklara rəğmən manatın məzənnəsinin sabitliyini şərh edib.

ABC.AZ-ın məlumatına görə, V. Qasımlı bildirib ki, alıcılıq qabiliyyəti paritetinə əsasən hesablanan məzənnə, ABŞ dollarının ABŞ-da alacağı miqdarda məhsulu digər ölkənin bazarında almaq üçün tələb olunan yerli valyuta dəyəridir.

Onun sözlərinə görə, ABŞ-da 1 dollara alınan məhsulu yerli bazarda almaq üçün tələb olunan ödənişdir.

V. Qasımlı qeyd edib ki, Azərbaycan üçün bu rəqəm Dünya Bankının 2018-ci il üçün təqdim etdiyi statistika məlumatlarına əsasən 0,25 ABŞ dollarıdır: "Yəni, ABŞ-da 1 dollara alına biləcək məhsulu Azərbaycanda 0,25 ABŞ dollarına almaq mümkündür. Ölkələr üzrə müqayisəli təhlil aparmaq üçün hər bir göstəricini alıcılıq qabiliyyəti paritetinə əsasən “beynəlxalq dollar” göstəricisi ilə ifadə etdikdən sonra real fərqləri görmək mümkündür. Dünya Bankının hesablamalarına görə, 2018-ci ildə Azərbaycanda 1 “beynəlxalq dollar” 0,25 ABŞ dolları, Belarusda 0,25 ABŞ dolları, Qırğızstan, Gürcüstan və Ukraynada 0,29 ABŞ dolları, Qazaxıstanda 0,31 ABŞ dolları və Rusiyada 0,39 ABŞ dolları səviyyəsində qiymətləndirilib. Bu ölkələrdə son qlobal şokların təsiri altında baş verən devalvasiyalar manatın real effektiv məzənnəsini gücləndirib.

Əgər 2000-ci ildə manatın real effektiv məzənnəsini bençmark olaraq 100 qəbul etsək, onda 2020-ci ilin əvvəlində bu göstərici 93,3 səviyyəsində olub. Başqa sözlə, manatın real effektiv məzənnəsi bu ilin əvvəlində tarazlıq nöqtəsindən aşağıda qərarlaşıb. Lakin ticarət tərəfdaşlarımızın valyutalarının son günlərdəki devalvasiyaları fonunda manatın ABŞ dolları qarşısında sabitliyi, manatın real effektiv məzənnəsini tarazlıq nöqtəsinə doğru bahalaşdırır.

Manatın real effektiv məzənnəsinin bahalaşması Azərbaycanın MDB-də məkanında minimum pensiya, orta pensiya, minimum maaş və orta maaş göstəriciləri üzrə öncül mövqelərini daha da möhkəmləndirir. Digər tərəfdən, manatın real effektiv məzənnəsinin bahalaşmasının iqtisadiyyatın rəqabətqabiliyyətinə təsirini tənzimləmək üçün institusional islahatların davam etdirilməsi, rəqabət mühitinin daha da yaxşılaşdırılması, insan kapitalının inkişafı və bazarlara çıxış istiqamətində fəaliyyətlər davam etdirilməlidir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər