Orta aylıq pensiyanı 350 manata çatdırmaq istəyirik - Nazir

17:31 - 16.03.2020


16 mart, Fineko/abc.az. Bu il sosialyönümlü islahatların davamı olaraq Sizin imzaladığınız sərəncamla bütün pensiyalar 16,6 faiz indeksləşdirildi.

ABC.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu gün Prezident İlham Əliyevin qəbulunda bildirib.

Nazirin sözlərinə görə, bunun nəticəsində, Azərbaycanda bütün pensiyalar üzrə orta aylıq pensiya 300 manatın üzərində oldu.

S. Babayev qeyd edib ki, sırf yaşa görə pensiyanı götürdükdə isə bizim gözləntimiz orta aylıq pensiyanın 350 manata çatmasıdır: "Bu da, əlbəttə ki, son 2-3 ildə Sizin rəhbərliyinizlə və təşəbbüsünüzlə aparılan genişmiqyaslı sosial islahatların nəticəsi və uğurudur.

Ümumiyyətlə, son islahatlarınızın maliyyə dəyəri 560 milyon manata bərabərdir. Yəni, cari il ərzində indeksləşdirmə hesabına pensiyaçılarımıza əlavə olaraq 560 milyon manat vəsait ödəniləcəkdir. Ötənilki islahatları da nəzərə alsaq, - ümumi illik maliyyə dəyəri 450 milyon manata yaxın idi, - cəmi bir il ərzində qəbul edilmiş qərarlar nəticəsində pensiyaçılarımıza bir milyard manatdan artıq vəsait ödənilir. Bu vəsait də tam şəkildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşılanır və dövlət büdcəsi üçün əlavə yük yaratmır”.

Müəlif: Elmir Murad

 

Bütün xəbərlər