Azərbaycan Beynəlxalq Bankından rəqəmsal xidmətlərə dair çağırış

11:44 - 17.03.2020


17 mart, Fineko/abc.az.   Müştərilərin və əməkdaşların koronavirus infeksiyasından (COVID-19) qorunması qayğısına qalaraq Azərbaycan Beynəlxalq Bankı qabaqlayıcı tədbirlər həyata keçirir. Bank struktur bölmələrinin iş rejimində də müəyyən dəyişikliklər aparıb. Bir çox işçilərin evdən çıxmadan distant qaydada çalışmasına şərait yaradılıb. Ezamiyyətlər təxirə salınıb, iclas və görüşlərin xüsusi platformaların dəstəyi ilə onlayn qaydada həyata keçirilməsi təmin olunub.

Azərbaycan Beynəlxalq Bankı öz filial və şöbələrində müştərilərə fasiləsiz xidmət göstərməklə yanaşı, məhsul və xidmətlərdən banka gəlmədən istifadə edə bilməkdən ötrü müştərilərinə bankın təqdim etdiyi bir çox innovativ vasitələrdən faydalanmağı da tövsiyə edir. Belə ki, fərdi müştərilər üçün bir çox bank xidmətlərini Azərbaycan Beynəlxalq Bankının İnternet bankçılıq xidməti üzərindən əldə etmək olar. Bankın hüquqi şəxs müştərilər üçün nəzərdə tutulmuş korporativ internet bankçılıq xidməti korporativ müştərilərə də belə bir imkanı yaradır.

Bundan başqa, fərdi müştərilər Azərbaycan Beynəlxalq Bankının İBAm mobil tətbiqini smartfonlarına yükləyərək bir çox bank xidmətlərini bu plaforma üzərindən əldə edə bilərlər.

Müştərilərin filial və şöbələrdə növbədə gözləməməsi üçün bank onlara Randevu xidmətindən faydalanmağı da tövsiyə edir. Bu xidmətin üstünlüklərindən yararlanmaqla müştəri bankda ona xidmət vaxtını bir gün əvvəldən özü təyin edə bilir. Bəzi bank xidmətlərindən isə Azərbaycan Beynəlxalq Bankının ATM-ləri və 937 nömrəli Məlumat  Mərkəzi vasitəsilə istifadə etmək mümkündür. Bank apreldən korporativ müştərilərinə, o cümlədən kiçik və orta sahibkarlara məsafədən hesab açmaq imkanı da yaradacaq.

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov deyib: “Bank sektoru üçün, demək olar ki, yeni bir dövr başlanıb. Artıq hamı anlayır ki, həm fərdi,  həm də korporativ müştərilər üçün rəqəmsal platformaların inkişaf etdirilməsini və funksionallığının artırılmasını sürətləndirmək lazımdır. Alternativ xidmət kanallarımızın inkişafına, bu istiqamətdə yeni müştəri vərdişlərinin formalaşdırılmasına, eyni zamanda əməkdaşlarımız üçün məsafədən işləmə praktikasının mükəmməl tətbiqinə fokuslanırıq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Bütün xəbərlər