“Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası haqqında nə bilirik?

13:24 - 17.03.2020


17 mart,Fineko/abc.az.  2011 ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” qanunun xüsusi hissəsinin birinci fəslində daşınmaz əmlakın icbari olmasından bəhs olunur.

Qeyd edək ki, bu sığorta növünün icbari qaydada həyata keçirilməsinin əsas məqsədi daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsidir. “İcbari sığortalar haqqında” qanun qəbul olunmadan öncə də əmlakın yanğından icbari sığortası haqqında qanun var idi.  Buna baxmayaraq bu qanun yalnız hüquqi şəxslərə şamil edilirdi və təminat dairəsi elə də geniş deyildi. Lakin, yeni qanunun qəbul olunması ilə bütün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binaların, mənzillərin, habelə dövlət əmlakının sığortası məcburi oldu.

Buarada məlumat üçün qeyd edək ki, sökülməsi barədə qərar qəbul edilmiş, tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan və özbaşına tikinti sayılan daşınmaz əmlakların isə sığortaya cəlb edilməsinə imkan verilmir.

Bəs icbari sığortaya cəlb edilən daşınmaz əmlak dedikdə nə başa düşülməlidir?                                     

Qanuna görə sığorta yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Evin içərisindəki əşyalar, mebel və avadanlıqlar, nağd pul, şəkillər, geyim, elektrik və məişət cihazları və s.sığortaya daxil deyil.

Əksər vaxtlarda bu sığortadan danışanda insanlar daha çox yanğın riskindən sığortalandıqlarını düşünürlər, əslində isə sığorta tək yanğına yox, eyni zamanda ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin, yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən riskləri əhatə edir. Həmçinin bu risklər qrupuna yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evləri və binalardan, mənzillərdən, otaqlardan daxil olan subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda əmlaka təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri də daxildir. Yuxarıda sadalanmayan risklərə qarşı, o cümlədən daşınar əmlak və icbari sığortaya cəlb olunmayan digər əmlaklarla bağlı tərəflər könüllü sığorta müqaviləsi bağlaya bilərlər.

Lakin, sığorta müqaviləsinə daxil olmayan risklər də mövcuddur. Yəni əgər əmlakın zədələnməsi və ya məhv olması sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətləri, sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri, hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması, qrunt sularının səviyyəsinin dəyişməsi, suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması səbəbindən axması nəticəsində baş vermişdirsə, bu hallar sığorta təminatına daxil deyil.

Baxmayaraq ki, mülkiyyətində yuxarıda sadalanan hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı icbari qaydada sığorta etdirməli, eyni zamanda icbari sığorta müqaviləsinin bağlanmamasına görə İnzibati Xətalar Məcəlləsində (İXM) cərimələr də nəzərdə tutulub. Buna baxmayaraq təəssüf ki, bu günə qədər qanunun tətbiqində, xüsusilə də fiziki şəxslərin evlərinə və mənzillərinə münasibətdə ciddi qüsurlar qalmaqdadır. Sözügedən istiqamətdə qeyri-yaşayış obyektlərində vəziyyət yaşayış sahələrinə nəzərən daha yaxşıdır. Məlumat üçün bildirək ki, fiziki şəxslərin yaşayış sahələrinə, ev və mənzillərin sığortalanmasına nəzarət yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Lakin, adıçəkilən icra strukturları tərəfindən ötən 9 il ərzindəki fəaliyyət ürəkaçan olmadığından sığortanın tətbiqi də demək olar ki, mümkün olmayıb.

Əhalinin isə bu sahədə məlumatsız olması, insanlar arasında maarifləndirmə işlərinin aparılmaması, nəzarət və cəza mexanizminin yarımçıq olması onun tətbiqini çətinləşdirən amillərdəndir. Eyni zamanda bəhs olunan sığorta növününbu günədək elektronlaşdırılmaması, mərkəzi məlumat bazasının yaradılmamsı da onun effektiv həyata keçirilməsini mümkünsüz edir.

Yeri gəlmişkən onu da qeyd edək ki, icbari qaydada sığortalanmalı olan yalnız əmlakın özü deyil, həm də onun istismarı ilə bağlı mülki məsuliyyətin sığortasıdır. Sadəcə daşınmaz əmlakın icbari sığortasından fərqli olaraq bu sığorta növü hüquqi şəxslərə, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil edilir.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

İstismarla bağlı mülki məsuliyyətin sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür.

Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur:

- elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;

- qaz partlayışı;

- elektrik naqillərində baş verən qısa qapanma;

- su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;

- hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri. 

 

Bəs bu sahəni inkişaf etdirmək və mövcud problemləri aradan qaldırmaq üçün hansı addımları atmaq lazımdır?

 1.  Daşınmaz əmlakın sığortalanması sahəsində elektronlaşma işləri bitməli, vahid məlumat bazası yaradılmalı, bütün müqavilələr elektron bağlanmalı və nəzarət də onlayn həyata keçirilməlidir.

2.  Nəzarət yerli icra hakimiyyəti orqanlarından götürülərək Fövqəladə Hallar Nazirliyinə (FHN) yaxud bələdiyyələrə verilməldir.

3.  Əhali arasında ciddi maarifləndirmə işləri aparılmalıdır.

4. Daha sonrakı mərhələdə qanuna yenidən baxılmalı və təkmilləşdirilməlidir.

 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər