Dövriyyədəki pullar yığılır - Mərkəzi Bankdan açıqlama

14:07 - 19.03.2020


19 mart, Fineko/abc.az. Mərkəzi Bank tərəfindən kommersiya banklarına qarşı xüsusi tələblər müəyyən edilmiş, onlara daxil olan nağd pul nişanlarının təkrar tədavülə buraxılmaması və müvafiq standartlara uyğun emaldan keçirilməsi üçün təhvil verilməsi tapşırılıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, kommersiya bankları tərəfindən Mərkəzi Banka təhvil verilən pul nişanları, eləcə də kommersiya bankları və əhali ilə yaradılmış birbaşa kanallar vasitəsilə dövriyyədə köhnəlmiş, çirklənmiş və yararsız hala düşmüş pul nişanları yığılaraq Mərkəzi Bankın xəzinələrində xüsusi ayrılmış yerlərdə saxlanılır.

Dövriyyəyə yararlı pul nişanları təkrar dövriyyəyə buraxılmamışdan əvvəl Mərkəzi Bankda istifadə olunan və beynəlxalq təcrübədə ən son texnoloji standartlara cavab verən avtomatlaşdırılmış banknot emalı avadanlıqlarında yüksək təzyiqli hava axınları vasitəsilə müxtəlif tozlardan təmizlənərək, eləcə də xüsusi infraqırmızı və ultrabənövşəyi şüalandırmadan və yüksək temperatur rejiminə malik sistemlərdən keçməklə çirklərdən sterilizasiya olunur.

Bununla belə, bank sistemindən kənarda əhəmiyyətli həcmdə nağd pul kütləsi dövr etdiyi üçün bu pul nişanları da koronavirus infeksiyası baxımından potensial risk mənbəyi ola bilər. Bununla əlaqədar infeksiyaya yoluxma risklərinin minimallaşdırılması məqsədilə Mərkəzi Bank əhaliyə, eləcə də biznes subyektlərinə nağd puldan istifadəni maksimal məhdudlaşdırmağı və nağdsız ödənişlərə böyük üstünlük verməyi tövsiyə edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər